16 Oktyabr 2017 - Yeni onlayn təhsil proqramı istifadəyə verilib

Online education“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak yeni “Woz U” onlayn təhsil proqramını istifadəyə verib. Proqram texniki təhsilin mənimsənilməsində müxtəlif insanlara yardımın göstərilməsini nəzərdə tutur.

“ICTnews” Elektron Xəbər Xidmətinin “Appleinsider” resursuna istinadən verdiyi məlumata görə, “Woz U” saytına əsasən, servis texnoloji sahədə karyera seçimi ilə yanaşı, İT şirkətlərinə yeni əməkdaşların təlimi üçün resurslardan istifadəyə imkan verəcək. Söhbət ilk növbədə proqram təminatı tərtibatçısı, mühəndis və s. kimi peşələrin nümayəndələrindən gedir.

Bildirilir ki, giriş kurslarından platforma istifadəçiləri pulsuz yararlana bilsələr də, gələcəkdə təlimin ödənişli olacağı gözlənilir. Kursların qiyməti barədə hələlik məlumat verilmir.

“Apple” şirkəti “iTunes U” adlı oxşar təhsil platformasına malikdir. Servisə artıq minlərlə təhsil müəssisəsi, o cümlədən dünyanın ən nüfuzlu ali təhsil ocaqları (Oksford, Kembric universitetləri, Massaçusets Texnologiya İnstitutu) qoşulub. Bölmədən yüz mindən çox ABŞ tələbəsi aktiv şəkildə istifadə edir.