26 Fevral 2018 - Xocalı Soyqırımından 26 il ötür

Justice for khojalyBu gün Xocalı soyqırımından 26 il ötür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirib.

Dinc əhaliyə qarşı həyata keçirilmiş bu qanlı qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1,275 sakin girov götürülüb, 487 nəfər şikəst edilib, 155 nəfərin taleyi isə bu günədək naməlum qalır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq isə hər iki valideynini itirib.

Qeyd edək ki, Xocalı qətliamını ABŞ-ın 21 ştatının qanunverici orqanı və Çexiya, Honduras, İordaniya, Kolumbiya, Qvatemala, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Bosniya və Hersoqovina, Serbiya, Sloveniya, Sudan, Cibuti kimi ölkələrin parlamentləri və həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyası soyqırım olaraq tanıyıb.