25 Dekabr 2018 - AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

Milli Net 2018Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2018 - Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.

Azərbaycan İnternet Forumu tərəfindən artıq ənənəvi olaraq hər il keçirilən Milli Net müsabiqəsinin bu il sayca 10-cu yubiley tədbiri baş tutub. Artıq ikinci ildir ki, AzerTelecom şirkətinin baş sponsorluğu ilə keçirilən Milli Net müsabiqəsinin qaliblərinin yekun təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin, İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin və media qurumlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, oktyabr ayında start verilmiş Milli Net 2018 müsabiqəsinə 19 Nominasiya üzrə 406 internet resurs təqdim edilib. Bu resurslardan yalnız qaydalara uyğun olan 300 resurs (saytlar, mobil tətbiqlər və sosial media resursları) müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Onların arasından isə ən yaxşıları olan 105 resurs Nominant statusu alıb, ikinci səsvermə prosesində yekun qaliblər müəyyən olunub və təqdimat mərasimində elan edilib.

Tədbirdə çıxış edən AzerTelecom şirkətinin Satış və Tərəfdaşların İdarə olunması üzrə direktoru Ləman Abasbəyli bildirib ki, Milli Net müsabiqəsinin keçirildiyi 10 il ərzində layihə Azərbaycanda uğurlu milli internet resursların aşkarlanması və ictimaiyyətə tanıdılması, eləcə də internetdə ana dilimizin tətbiqinin genişləndirilməsində mühüm rol oynayıb, səmərəli bir platformaya çevrilib. O qeyd edib ki, bu il həm də AzerTelecom şirkətinin 10 illik yubileyidir və bu əlamətdar halın Milli Net-in 10 illiyi ilə üst-üstə düşməsi də çox sevindirici bir haldır. “AzerTelecom şirkəti hər zaman cəmiyyətdə innovasiyaların tətbiqi, maarifləndirici, milli resursların, elm və təhsilin inkişafı ilə əlaqəli ən mühüm layihələri dəstəkləyib və bu, gələcəkdə də şirkətin fəaliyyətində əsas istiqamətlərdən biri olaraq qalacaqdır”- deyə Ləman Abasbəyli bildirib.

Təqdimat mərasimində çıxış edən digər şəxslər də Milli Net tədbirinin əhəmiyyətini vurğulayaraq layihənin milli resursların inkişafına verdiyi töhfədən bəhs ediblər.

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir.  AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şikrət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxaql tranzit, DDoS hücumdan müdafiə, VPN, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.