LAYİHƏLƏR


“AzerTelecom” MMC ölkənin telekommunikasiya sektorunda fəaliyyət göstərən qabaqcıl milli backbone internet operatoru olaraq informasiya və kommunikasiya texnologiyalarının inkişafı, Azərbaycanda innovativ texnologiyaların tətbiqi istiqamətində müxtəlif layihələr həyata keçirir. 


Azerbaijan Digital Hub proqramı

“AzerTelecom” şirkəti Azərbaycanın hazırda sahib olduğu enerji və nəqliyyat mərkəzləri statusuna əlavə olaraq həm də regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

Proqramın əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə qalxması, ölkənin İnternetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, perspektivdə isə Azərbaycanın regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən “Made in Azerbaijan” brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır.

Proqram 3 mərhələdən ibarətdir:

- Ölkə daxilində və xaricində dayanıqlı magistral infrastrukturun qurulması;
- Bakı şəhərinin İnternet Mübadilə Mərkəzinə (IXP) çevrilməsi və iri kontent provayderlərinin (Google, Facebook, Netflix, Apple, Alibaba, Amazon, Tencent və s.) məlumat mərkəzlərinin burada saxlanılması;
- Ölkədə rəqəmsal ekosistemin formalaşması.

“Azerbaijan Digital Hub” proqramı çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin ¼-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq.

Ölkəmizin regionda İnternetin təkcə tranzitində deyil, həmçinin də satışında mərkəzi ölkəyə çevrilməsi isə dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam və Dubay kimi İnternet Mərkəzlər ilə yanaşı Bakının da əlavə olunması deməkdir. Bu proqram həmçinin Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix, Tencent və s.) cəmləşməsinə də şərait yaradacaq.

Proqramın icrası son nəticədə ölkədə rəqəmsal ekosistemin formalaşması, iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulmasına töhfə verəcək.